Felyeton | Qəmbərqulu cavablar

Felyeton | Qəmbərqulu cavablar
  01 Avqust 2013    Oxunub:4809
Milli Şurаnın Tbilisidəki toplantısından sonra qurumun sədri Rüstəm İbrahimbəyоvla Müsavat başqanı İsа Qəmbər arasında 2 saata yaxın təkbətək görüş keçirilib. Bir az şairanə desək, iki qoçun başı iki saata yaxın bir qazanda qaynayıb. Qazan... pardon, görüş jurnalistlər üçün qapalı olsa da, orada nəyin qaynadıldığını bilmək üçün Culian Assanc və ya Edvard Snouden olmağa ehtiyac yoxdur.

Böyük ehtimalla, söhbət belə olub: Qəmbər deyib ki, Milli Şurada bir şərtlə qalmağa razıdır: əgər İbrahimbəyovun namizədliyi qeydə alınmasa, onun özü vahid namizəd olacaq. Və bir halda ki Müsavat hələ ki Milli Şuradadır, demək, Rüstəm bəy Məşədi İbadla... pardon, Hacı Qəmbərlə razılaşıb.

Amma işin maraqlı tərəfi bunda deyil. Ən ləzzətlisi Qəmbərin görüşdən sonra “Azadlıq” radiosuna verdiyi müsahibədir. Əslini buradan oxuya biləcəyiniz müsahibədə Qəmbər göstərməyə çalışır ki, “siyasətçiyə dil fikirlərini gizlətmək üçün verilib” prinsipini praktikada necə tətbiq etmək lazımdır. Amma bacarmır. Çünki əsl siyasətçi suala cavab verməyəndə bunu elə bir tərzdə edir ki, eşidənlər onun cavab verdiyini zənn edirlər. Qəmbər isə elə naşılıqla guya cavab verir ki, eşidən/oxuyan adam qıcıqlanmaya bilməz. Çünki onun suala necə saymazyana yanaşması heç bir siyasətçi etikasına sığmır. Sual qalır bir tərəfdə, Qəmbər isə “Heyvagülü” oynayır .
Gəlin, baxaq.

Sual:
- İsа bəy, Rüstəm İbrahimbəyоv Azərbaycana gələ bilməsə, vahid namizəd məsələsi necə olacaq?
Cavab:
- Bu gün ( iyulun 31-də – red.) Rüstəm müəllimlə ikilikdə görüşdük. Biz dünən müzakirə edilən və edilməyən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən bu görüşü çox yüksək qiymətləndirirəm.

Deyən lazım: Adam, səndən soruşan oldumu ki, Rüstəm bəylə nə fikir mübadiləsi aparmısan? Yoxsa o sualı kimsə radio ilə birbaşa sənin beyninə ötürdü? “İsa, İsa... Mən Kassiopeyayam, qəbul... Rüstəm bəylə neçəlikdə görüşdünüz?.. Qəbul... Hansı fikir mübadiləsi apardınız?.. Qəbul...” Səndən sadəcə, soruşurlar: “İbrahimbəyоv Azərbaycana gələ bilməsə, vahid namizəd məsələsi necə olacaq?” Ya cavab ver, ya da de ki, bu haqda danışmaq istəmirsən.

Keçək növbəti suala.

Sual:
- Rüstəm İbrahimbəyоv Azərbaycana gəlməkdə israrlı görünürmü?
Cavab:
- Rüstəm müəllimi bir yazar və intellektual olaraq 40 ildən çoxdur tanıyıram, Şəxsi tanışlığımızın da müddəti 25 ili ötüb. Təxminən 80-ci illərin axırlarında onunla tanış olmuşam və o vaxtdan onu müsbət qiymətləndirmişəm. Onunla bugünkü söhbətimdə müsbət mövqeyim daha da möhkəmləndi.

Allah oxuculara səbir versin. Adam, səndən onu soruşmurlar ki, İbrahimbəyovu neçə ildir tanıyısan, o, intellektualdır, yoxsa hansı yuvanın quşudur, soruşmurlar ki, ona vaxtilə necə yanaşmısan. Soruşurlar ki, o şəxs Azərbaycana gəlməkdə israrlı görünürmü? Azərbaycana! Gəlməkdə! İsrarlı! Görünürmü?! Siz, cənab hacı, Azərbaycan dilində doğrudanmı, anlamırsınız? Anlayırsınızsa, niyə sualın cavabından başqa hər şeyin haqqında danışırsınız?

Bu, nədir: qeyri-səmimilik, yoxsa qeyri-peşəkarlıq? Yəqin ki, hər ikisi. Amma bir halda ki, suallara cavab verməyəcəksən, onda heç müsahibə vermə! Müsahbə verirsənsə, oxucuya sayğılı yanaş.

Rüstəm İbrahimbəyov bundan bir gün əvvəl açıq demişdi ki, “Sual verə bilərsiniz, amma cavab olmayacaq”. Qəmbər bunu demədi, amma göstərdi. Doğrudan da, ona sualı verdilər, amma cavab olmadı. Deyəsən, bu, Milli Şuranın yeni taktikasıdır.

Tariyel Həsənov


Teqlər:





Xəbər lenti